27–28 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Qəbələ rayonunda yerləşən Yengicə su anbarının tikintisi və Şirvan suvarma kanalının yenidən qurulması layihəsinin Ağsu rayonundan keçən hissəsində həyata keçirilən iri həcmli işlərlə yerində tanışlıq məqsədilə #mediaturun təşkili nəzərdə tutulub.
Mediaturun ilk günü media nümayəndələrinə Qəbələ rayonunda yerləşən Yengicə su anbarının tikintisi çərçivəsində görülən işlər barədə məlumat verilib.
İctimaiyyətin məlumatlandırılması məqsədilə #mediaturda 20 media qurumunun nümayəndəsi iştirak edir.
Qeyd edək ki, Yengicə su anbarının tikintisi Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq nəzərdə tutulub.
Qəbələ rayonu ərazisində, Yengicə kəndi yaxınlığında, Vəndamçay və Qaraçayın birləşdiyi hissədə inşa edilən su anbarının ümumi həcmi 17,5 milyon kubmetrdir. Bəndin hündürlüyü 45 metr, uzunluğu 449,5 metr, eni isə 10 metr təşkil edir.
Layihənin icrası nəticəsində rayon üzrə ümumilikdə 10 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu ərazilərin 3 388 hektarında su təminatı yaxşılaşdırılacaq, 6 612 hektarında isə yeni suvarma həyata keçiriləcək.
Yengicə su anbarının tikintisinə 2024-cü ildə başlanılıb və hazırda işlər davam etdirilir.