Kommunal xidmətlərin rəqəmsallaşdırılması və vətəndaşların bu xidmətlərdən rahat istifadəsinin təmin edilməsi məqsədilə yeni imkan təqdim edilib. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) istehlakçılara təqdim etdiyi hesab-fakturalardakı (qəbzlərdəki) QR kod vasitəsilə su borclarını “mygov” tətbiqində artıq daha rahat ödəmək mümkündür.
Vətəndaş borcunu ödəmək üçün ADSEA qəbzindəki QR kodu mobil telefonun kamerası vasitəsilə oxudur. Kod oxudulduqdan sonra sistem bir neçə saniyə ərzində cihazın növünü və telefonda “mygov” tətbiqinin olub-olmadığını yoxlayır. Telefonda “mygov” tətbiqi quraşdırılıbsa, istifadəçi birbaşa ödəniş səhifəsinə yönləndirilir. Bu zaman abunə kodunu daxil etməyə və əlavə səhifələrdə axtarış aparmağa ehtiyac qalmır. İstifadəçi açılan səhifədən borcunu ödəyə bilir.
Tətbiq quraşdırılmayıbsa, istifadəçiyə “mygov”un yüklənilməsi üçün uyğun keçid təqdim olunur. Keçid vasitəsilə tətbiqi App Store və ya Google Play-dən yükləmək mümkündür.