İçməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif mərhələlərdə periodik nəzarət olunur. Tәhlükәsizliyiyә vә keyfiyyәtә nәzarәt su mənbələrində aparılan laborator müayinələr ilə başlanır. İl ərzində Bakı şəhəri, Abşeron yarımadası, Şirvan, Gəncə, Mingəçevir, Naxçıvan şəhərlərinin su təchizatı sistemlərindən toplanaraq analiz ediləcək monitorinq nöqtələri, analiz göstəriciləri, dövrü (periodikliyi) haqqında məlumatlar Suyun təhlükəsizliyi və keyfiyyətinə nəzarət Planında AZS 929:2023 «İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət» dövlət standartının tələblərinə əsasən əks edilir və təsdiqlənərək, Səhiyyə Nazirliyinin «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» publik hüquqi şəxsi ilə razılaşdırılır. İçməli su şəbəkəyə verilməzdən əvvəl mütəxəssislər tərəfindən ciddi şəkildə analiz edilir və nəticələr ADSEA yanında Suların İstifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Mərkəzi və Regional laboratoriyada qeydiyyata alınır. Su nümunələri müxtəlif nöqtələrdən - mərkəzi və məhəllədaxili su anbarları, magistral boru xəttləri və paylayıcı şəbəkələr, məktəblər, bağçalar, xəstəxanalar, ictimai iaşə və digər obyektlərdən götürülür. Mərkəzləşmiş su təchizatı sistemində epidemioloji dövlət nəzarətini Səhiyyə Nazirliyinin «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» PHŞ tərəfindən yerinə yetirir.
Su nümunələrinin müayinәlərinin nəticələri qeyri-məqbul hesab edildikdə «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-in müvafiq şöbəsinə məlumat verilir və müvafiq araşdırmalar aparılır. İçməli suyun keyfiyyətinə xələl gətirəcək səbəblər aradan qaldırılır. Zəruri olduğu təqdirdə, su anbarlarında və paylayıcı xəttlərdə təmizlənmə və zərərsizləşdirmə (dezinfeksiya) işləri növbədən kənar aparıldıqdan sonra içməli suyun təkrar analizi aparılır. Yalnız analizlərin nəticələri müsbət olduğu təqdirdə, görülən tədbirlər yekunlaşaraq, çatışmazlıq aradan qaldırılır.
Hazırda Bakı şəhəri və Abşeron yarımadasında yaranan tullantı suları bioloji üsullarla Hövsan, Buzovna, Mərdəkan-Şüvəlan və mexaniki üsul ilə isə Sahil, Zığ təmizləyici qurğularında təmizləndikdən sonra Xəzər dənizinə axıdılır. Adıçəkilən bioloji üsullarla təmizləmə aparan qurğuların hər birində təmizləmə prosesinə nəzarət etmək üçün istehsalat laboratoriyaları fəaliyyət göstərir. Sənaye müəssisələri, ictimai iaşə obyektləri və fərdi xidmət sahələrinin istehlakçıları tərəfindən mərkəzləşdirlmiş kanalizasiya sisteminə axıdılan tullantı sularının tərkibində zərərli və çirkləndirici maddələrinin yolverilən qatılıq həddləri AZS 985:2025 « Sənaye müəssisələri, ictimai iaşə obyektləri və fərdi xidmət sahələrinin istehlakçıları tərəfindən mərkəzləşdirlmiş kanalizasiya sisteminə axıdılan tullantı sularında zərərli və çirkləndirici maddələrin miqdarına və tərkibinə nəzarət» dövlət standartına, Təmizlənmiş tullantı sularının tərkibində zərərli və çirkləndirici maddələrinin yolverilən qatılıq həddləri isə AZS 984:2025 «Tullantı sularının su və su təsərrüfatı obyektlərinə axıdılması üzrə tələblər» dövlət standartına əsasən tənzimlənir.