Bakı Sukanal İdarəsinin fəaliyyət mənzərəsi - Video

21 Noyabr, 2025

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı Sukanal İdarəsi 24 saatlıq iş rejimində fəaliyyət göstərir.

İdarə mərkəzi anbarlar, nasos stansiyaları və magistral xətlər vasitəsilə rayon sukanal idarələrinin şəbəkələrinə içməli suyun paylanması, tullantı və yağış sularının mərkəzi kollektorlar, digər mühəndis sistemləri vasitəsilə təmizləyici qurğulara nəql olunması, təmizlənməsi və açıq su hövzələrinə axıdılması işlərini icra edir.  

Balansda olan su kəmərlərinin, nasos stansiyalarının, anbarların və digər mühəndis-texniki qurğuların istismarı, təmiri, magistral xətlərdə baş verən qəzaların aradan qaldırılması, texniki şərtlərə əsasən köçürülməsi idarənin fəaliyyət sferasına daxildir.

İlin əvvəlindən etibarən 276 paqonametr müxtəlif diametrli su xətləri çəkilib, 98 paqonametr su xətləri dəyişdirilib, su şəbəkəsində baş vermiş 540 qəza aradan qaldırılıb.

İlin əvvəlindən indiyədək idarə tərəfindən müxtəlif güclü 4 elektrik mühərriki dəyişdirilib, 51-i təmir edilib. Bununla yanaşı müxtəlif markalı 8 nasos yenisi ilə əvəzlənib, 238-I təmir edilib. 12 siyirtmə dəyişdirilib, 333-ü təmir olunub, 4 siyirtmə isə yeni quraşdırılıb. 2191 paqonmetr müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilib və təmir olunub,115 kanalizasiya nəzarət baxış quyusu tikilib və bərpa edilib.

Tam müasir standartlara uyğun inşa edilən Pirşağı Bioloji Təmizləmə Qurğusu 2021-ci ildə istismara verilib.

İdarənin rəis müavini Əlizadə Nəsirov bildirdiyinə görə qurğunun gücü sutkada 40 min kubmetrdir. Bakı ətrafı 11 kənddə formalaşan çirkab suları bura nəql olunacaq və bioloji təmizləmədən keçərək dənizə axıdılacaq.

 

 

 

Digər