Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Su Operatorları Tərəfdaşlıqları üzrə Qlobal Alyansın (GWOPA) nümayəndə heyətini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Ceyranbatan su anbarı və Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olublar.
Kompleksdə qonaqlarla keçirilən görüşdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov onları ölkəmizin ev sahibliyi etdiyi WUF13 forumunun əhəmiyyətindən danışaraq, xüsusən şəhərsalma fəaliyyətində içməli su təminatının prioritet təşkil etdiyini, fasiləsiz, dayanıqlı, keyfiyyətli su təchizatının bu prosesdə əsas meyarlardan biri olduğunu diqqətə çatdırıb. Qonaqlara Ceyrabatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti barədə məlumat verən T.Xəlilov bildirib ki, Sumqayıt şəhəri, Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su Ceyranbatanda emal olunur.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 7 kubmetrə yaxın olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimi keçirilib. Bakı şəhəri və ətraf qəsəbələrlə yanaşı Xırdalan şəhərinin içməli su təchizatı da bu anbar vasitəsilə təmin edilir.
Ceyranbatan və Oğuz-Qəbələ-Bakı mənbələrinin alternativ istismarı, mövcud mənbələrin qidalandırdığı ərazilərin şəbəkə sistemlərinin əlaqələndirilməsi məqsədilə anbarın Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerası ilə əlaqəsi də yaradılıb. Bu məqsədlə Abşeron anbar kompleksində yeni qaldırıcı nasos stansiyası quraşdırılıb, buradan Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerasına qədər 2 km uzunluğunda daşıyıcı kəmər tikilib.
Qonaqlara səfər çərçivəsində qabaqcıl ultrafiltrasiya sistemi və avtomatlaşdırılmış idarəetmə otağı nümayiş etdirilib. Onlar əməliyyatların necə həyata keçirildiyi ilə yaxından tanış olublar.
Qonaqlara məlumat verilib ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində su əvvəlcə mexaniki və kimyəvi üsullarla təmizlənir, daha sonra ultrasüzgəc membranlarından keçirilərək zərərli hissəciklərdən tam təmizlənir. Son mərhələdə dezinfeksiya olunan su avtomatlaşdırılmış sistem vasitəsilə içməli su şəbəkəsinə ötürülür. Proses əyani şəkildə də nümayiş olunub.
Görüşdə su mütəxəssisləri ilə ümumi problemlər - su itkiləri, enerji xərcləri, su təhlükəsizliyi, keyfiyyəti, fasiləsiz təchizatı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlar WUF 13 forumunun təşkilatçılığı barədə razılıqlarını ifadə ediblər və kompleksə səfəri yüksək qiymətləndiriblər.
Onu da qeyd edək ki, GWOPA nümayəndələri səfər təəssüratlarını öz media səhifələrində də dərc ediblər.