ADSEA-da Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu – Foto

03 Mart, 2026

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə ADSEA və onun tabeliyində fəaliyyət göstərən qurumlarda silsilə tədbirlər təşkil olunub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində keçirilən tədbirdə Agentliyin, tabeli qurumların mülki müdafiə rəhbərliyi və qüvvələri, qərargah üzvləri, əməkdaşlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xidmətin Mülki müdafiə qərargahının rəisi Cahangir Şərifov qurumun mülki müdafiə qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirərək bu kimi tədbirlərin əməkdaşların sahə üzrə biliklərinin artırılmasına, fövqəladə vəziyyətlərə operativ reaksiya bacarıqlarının gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarına əsasən, 1990-cı ildən etibarən 1 mart tarixinin Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunduğunu xatırladan C. Şərifov Azərbaycanın 1993-cü ildən təşkilata üzv qəbul edildiyini və bu qurum çərçivəsində fəal şəkildə təmsil olunduğunu bildirib. O qeyd edib ki, 1995-ci ildən etibarən hər ilin bu günü konkret mövzuya həsr olunur. “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” 2026-cı ilin mövzusu seçilib.

Su ehtiyatlarının idarə olunmasına yeni yanaşma, meliorasiya və irriqasiya sistemlərinin modernləşdirilməsi, ekoloji risk faktorlarının erkən mərhələdə müəyyənləşdirilməsi və qiymətləndirilməsi, emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması, çirklənmənin qarşısının alınması və bu aspektdə digər vacib amillər ilin əsas fəaliyyət istiqamətlərini təşkil edir.

Tədbirdə çıxış edən ADSEA-nın sədr müavini, Mülki müdafiə qərargahının rəisi İlham Bayramov diqqətə çatdırıb ki, mülki müdafiə sisteminin gücləndirilməsi yalnız fövqəladə hallara reaksiya ilə məhdudlaşmır, eyni zamanda risklərin qabaqlayıcı idarə olunmasını da əhatə edir.

Onun sözlərinə görə, ekoloji risklərin elmi əsaslarla qiymətləndirilməsi və idarə edilməsi ADSEA-nın institusional dayanıqlığını artırmaqla yanaşı, ölkənin su təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Azərbaycan Respublikasının Mülki Müdafiə Planının və digər normativ-hüquqi sənədlərin yenidən işlənib hazırlanması istiqamətində həyata keçirilən tədbirlər bu sahəyə verilən əhəmiyyətin bariz nümunəsidir.

“Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu”nun İdarə Heyətinin sədri Mirmövsüm Dadaşev çıxışında dayanıqlı idarəetmə prinsiplərinin bütün fəaliyyət mərhələlərinə inteqrasiyasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müasir dövrdə təhlükəsiz və keyfiyyətli içməli su ilə təminat hər bir dövlətin milli təhlükəsizliyinin əsas elementlərindəndir.

Xidmətin Mülki müdafiə qərargahının rəis müavini Samir Nəbiyev isə çıxışında iqlim dəyişiklikləri və ekoloji çağırışların su sektoruna təsirinə diqqət çəkib. O bildirib ki, keyfiyyətə nəzarət prosesi su mənbəyindən başlayaraq son istifadə nöqtəsinədək bütün mərhələləri əhatə edir, bu, əhalinin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirin yekununda fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində Xidmətin mülki müdafiə təlimlərindən video nümunələr təqdim olunub, operativ reaksiya mexanizmləri və koordinasiya prinsipləri nümayiş etdirilib.

 

Digər