Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) konsaltinq şirkətlərinin və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə su təchizatı və tullantı suları sahəsində həyata keçirilən yeniliklər, rəqəmsal xidmətlər və vətəndaş yönümlü təşəbbüslərə həsr olunmuş seminar keçirilib.
Tədbirdə ADSEA və tabeli qurumların nümayəndələri, müstəqil ekspertlər, konsaltinq şirkətləri və yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Seminarın keçirilməsində əsas məqsəd su xidmətləri sahəsində tətbiq olunan müasir rəqəmsal həllər, elektron xidmətlər və vətəndaşların xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə iştirakçıları məlumatlandırmaq, həmçinin qarşılıqlı fikir mübadiləsi aparmaq olub.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin süni intellekt əsaslı rəqəmsal siması “Aysu” barədə məlumat verilib. “Aysu”nun vətəndaşların su xidmətləri ilə bağlı məlumat əldə etməsinə və rəqəmsal kommunikasiya imkanlarının genişləndirilməsinə yaratdığı imkanlar təqdimat və videoçarx vasitəsilə nümayiş etdirilib.
Həmçinin “ADSEA Su Xidmətləri” QR Bələdçi Portalı barədə məlumat verilib. Qeyd olunub ki, portalın əsas məqsədi vətəndaş və sahibkarların su xidmətləri ilə bağlı zəruri məlumatlara vahid və rahat giriş imkanını təmin etməkdir. Portal vasitəsilə xidmətlər, su şəbəkəsinə qoşulma, tələb olunan sənədlər, xidmət haqları, elektron xidmətlər və ödəniş imkanları barədə məlumatların əldə edilməsi mümkündür. Seminarda, eyni zamanda, ADSEA-nın elektron xidmətlərinin “myGov” platformasına inteqrasiyası və elektron xidmətlərdən istifadə imkanları barədə məlumat verilib.
Qeyd edək ki, bu cür görüşlərin keçirilməsi su xidmətləri sahəsində həyata keçirilən rəqəmsal yeniliklər barədə məlumatlılığın artırılması, maraqlı tərəflərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi və vətəndaş yönümlü xidmətlərin inkişafı baxımından əhəmiyyət daşıyır.