Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2026-cı ilin Mülki müdafiə tədbirlər planına əsasən Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsinin su mənbələrinin istismarı sahəsində mülki müdafiə qüvvələrinin iştirakı ilə “Fövqəladə halların qarşısının alınması zamanı MM orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda təlim keçirilib.
Təlimə idarənin mülki müdafiə üzrə rəhbər, komandir-rəis, şəxsi heyəti, Qəbələ və Oğuz su meliorasiya sistemləri istismarı idarələrinin qüvvə və vasitələri, müxtəlif təyinatlı texnika cəlb olunub. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin yerli struktur əməkdaşları, nəqliyyat texnikası da təlimdə iştirak edib.
ADSEA-nın Mülki müdafiə qərargahının rəis müavini, təlimin rəhbəri Cahangir Şərifov bildirib ki, təlimin keçirilməsində məqsəd vətəndaşların həyat və təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar mülki müdafiə qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, bu istiqamətdə fəaliyyət qaydalarının təcrübədə tətbiqi, xilasetmə işləri zamanı rəhbər heyətin qərar qəbul etmək bacarığının və MM dəstələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir.
Təlim prosesində şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi, zəhərlənənlərin və dağıntılar altında qalanların axtarışı, xilas edilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, işçilərin təhlükəsiz ərazilərə təxliyyəsi üzrə tapşırıqlar icra olunub.
Sonda təlimin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.